GÜRCÜ QOYUNUNUN AVROPA İTTİFAQI BAZARINDA HANSI POTENSİALI VAR

posted in: Iqtisadiyyat | 0

Mütəxəssislərin dəyərləndirməsinə görə gürcü qoyununun Avropa İttifaqı bazarına daxil olması perspektivi var, lakin buna qədər Gürcüstan müəyyən öhdəlikləri yerinə yetirməlidir.

Gürcü qoyununun ixrac potensialı haqqında məlumat Yormuğanlı icmasının sakinləri üçün əhəmiyyətlidir. Onlar deyirlər ki, qoyun saxlamaq baha başa gəlir, heyvanların qiyməti isə aşağıdır. Onların fikrincə, əgər qoyunların Avropa İttifaqı bazarına ixracı baş tutarsa, onların əməklərinə də dəyər verilər.

Aydəmir Hacıyevin 300 baş qoyunu var. Hal-hazırda onun heyvanları Yağılcadadır, yayda isə dağa aparacaq. Bir qoyunu bəsləmək aranda 20 lari, dağda isə 7 lariyə başa gəlir. Bir qoyunu təxminən 100 lariyə satır, lakin alıcı elə də çox deyil. “Əvvəllər xaricə – Türkiyə və Ərəbistana aparırdılar, gəlirimiz də yaxşı olurdu. Xeyli vaxtdır ki, qadağan ediblər, bilmirik niyə. Gürcü qoyunun ətindən dadlı ət heç bir qoyun cinsində yoxdur. Nəticədə əziyyətdən başqa bizə heç nə qalmlır.”
Mövcud problemlər haqqında Yormuğanlı icmasının Muğanlı kəndinin sakini 42 yaşlı Məhəmməd Nəsibov da danışır. O, təxminən bir il bundan əvvəl qoyun saxlamağa başlayıb. Fikirləşirdi ki, bu onun üçün mühüm gəlir mənbəyi olacaq, lakin belə olmadı.

Çobanlar Assosiasiyasının keçmiş sədri, hazırki üzvü Beka Qonaşvili hesab edir ki, qoyunların Avropa İttifaqı bazarına çıxarılması potensialı həqiqətən var, lakin hələ bəzi məsələlər həll edilməlidir. “İdentifikasiya proqramı həyata keçirilməlidir. Baytarlıq üçün əlverişli fon yaradılmalıdır ki, xəstəliklər azalsın, bu istiqamətdə nəzarət həyata keçirilməlidir. Uzun illərdi ki, identifikasiya həyata keçirilmirdi, müvafiq olaraq, bu proses kimlər üçünsə anlaşılmazdır. Bu məsələləri həll etmək üçün bir neçə il lazımdır. Bundan sonra Avropa İttifaqı artıq bizdən diri heyvan qəbul edə bilər.”

Yun Avropa İttifaqı bazarına çıxan heyvan mənşəli məhsullardan birincisidir. Milli Ərzaq Agentliyi rəhbərinin müavini Mixeil Soxadzenin bildirdiyinə görə, digər heyvandarlıq məhsullarının Avropa bazarına çıxarmaq üçün müəyyən əlavə tədbirlər həyata keçirilməlidir.

“Qoyunun və ya ətin Avropa bazarına ixracı bir az uzaq perspektivdir. Bunun üçün bir çox proseduralara ehtiyac var, buna görə də, biz hələlik ərəb bazarına yönəlmişik. Burada qoyuna tələbat yüksəkdir. Çalışırıq ki, öhdəliklərimizi mərhələli şəkildə həyata keçirək. Heyvanların keçici xəstəlikləri üçün peyvəndləmə və xəstəliklərin qarşısının alınması tədbirlərini həyata keçiririk. Gürcüstanda bütün heyvanlar il ərzində iki dəfə peyvənd olunur, hal-hazırda brusellyoz üçün qan nümunələrinin alınması davam edir və bunun üçün də müəyyən proqram işlənib hazırlanmışdır ki, bu da 4-5 il davam edəcək. Dövlət qəfil baş verərək yayılan xəstəliklərin qarşısının alınması tədbirlərinə də qoşulub, buna misal olaraq kırım-konqo qızdırması, son vaxtlar kiçikbuynuzlu heyvanlar arasında yayılmış taunu göstərmək olar. Qonşu ölkələrdə müxtəlif xəstəliklər qeydə alınmışdır, buna görə də sərhəd bölgələrində preventiv tədbirlər həyata keçirilir. Fermerlərə hər bir şəraiti yaratmalıyıq ki, onlar öz heyvanlarını ixrac edə bilsinlər. Baxmayaraq ki, İranda qoyun çoxdur, yenə də gürcü qoyununa tələbat böyükdür, çünki xüsusi dad xüsusiyyəti var.”

Mixeil Soxadze heyvan mənşəli məhsulların Avropa İttifaqı bazarına çıxarılması üçün vacib olan tələbatlardan da danışdı. “Gürcüstan qanunvericiliyi Avropa qanunvericiliyinə müvafiq olmalıdır, baytarlıq xidməti Avropa İttifaqına qarşı etibar qazanmalıdır. Bütün bunlar baytarlıq təhsili və baytar həkimlərin sayı kimi məsələlərə əsaslanır. Bu proses dərin və hərtərəfli müqavilənin yerinə yetirilməsi ilə paralel olaraq inkişaf edəcək.”

Milli Ərzaq Agentliyi Avropa standartlarına yaxınlaşmağa hələ 2012-ci ildə başlayıb. Heyvanların identifikasiyası/qeydiyyatı, elektron bazanın yaradılması mərhələli şəkildə davam etdirlir. 2012-2014-cü illərdə 1 300 000-dən artıq iribuynuzlu heyvanın qulaq nişanları vasitəsilə identifikasiyası həyata keçirilib, 2015-ci ildə hakimiyyət xırdabuynuzlu heyvanların identifikasiyası layihəsini də təsdiqləyib. Keçən ilin dekabrında məlumat bazasında 500 000 heyvan qeydə alınıb (həm xırdabuynuzlu, həm də xırdabuynuzlu).

Buradaca qeyd etmək lazımdır ki, Milli Statistika Xidmətinin məlumatına görə son illər qoyunların sayında artım qeydə alınıb. 2013-cü ildə 191 200 baş qoyun qeydə alınmışdır, 2014-cü ildə 204 800, 2015-ci ildə isə bu rəqəm 211 300-ü təşkil etmişdir.

Leave a Reply