VOLEYBOL TORU ƏVƏZİNƏ İP VƏİDMAN KARYERASI ARZULARI

posted in: İdman | 0

Rovlan Qələndərov və Elvin Kərimov Düzəyrəm ictimai məktəbinin 12-ci sinif şagirdləridirlər. Uşaqlıqdan dostluq edirlər, bir sinifdə oxuyurlar və boş vaxtlarını da bir yerdə keçirirlər.

Voleybolu sox sevirlər və idman dərslərini səbirsizliklə gözləyirlər. Özlərin dediyinə görə, idmanın bu növünü onlara idman müəllimləri Əli Mustafayev sevdirib.
“Voleybolu çox sevirəm, bu mənim üçün hər şeydir. Uşaqlıqda futbolla məşğul olurdum, lakin səkkizinci sinifdən sonra bu idmanla maraqlanmağa başladım. Dərsdə məktəbin “stadionunda” sinif yoldaşlarımla oynayırıq. Əgər hava pis olarsa, buna da imkanımız olmur. İdman zalımız olsaydı, bu məktəbdə daha çox müvəffəqiyyətli uşaqlar olardı”, ─ Rovlan Qələndərov deyir.

Onun dediyinə görə kənddə də meydança yoxdur. Buna görə də gənclər böyüklərlə birlikdə qərara aldılar ki, öz gücləri hesabına idman meydançası yaratsınlar.
“Bizlə birlikdə böyüklər də voleybol oynayırlar. İori sahilində öz gücümülə yer təmizləmişik. İki dirək sancmışıq, yuxarısına ip bağlamışıq və belə oynayırıq. Əgər külək əsmirsə və yağış yağmırsa, demək olar ki, hər gün oradayıq. Çox istərdik ki, məktəbdə də, məktəbdən kənarda da meydançamız olsun, orada normal şəkildə oynaya bilək.”

Elvin Kərimov da Rovlanın fikirləri ilə razılaşır. Onun dediyinə görə, onların sinfində oxuyan qızlar da yaxşı voleybol oynayırlar.
“Oğlanlar və qızlar bəzən ayrı komanda şəklində, bəzən isə birlikdə oynayırıq. Bəzən başqa məktəblərlə də yarışırıq. Nə məktəbdə, nə də kənddə heç bir dərnək yoxdur ki, biz gənclər fəal şəkildə idmanla məşğul ola bilək. Heç idman zalımız da yoxdur. Heç olmasa meydançamız olsa, çox yaxşı olardı. Boş vaxtlarımızı orada keçirərdik, daha “birjada” durmazdıq.”

Aşağı sinif uşaqları əsasən futbolu xoşlayır. Sevimli idmançıları da var. Ronaldo və Messi kimi məşhur futbolçu olmaq istəyirlər. Bilirlər ki, bunun üçün böyük zəhmət və gündəlik məşqlər lazımdır, buna isə nə məktəbdə, nə də kənddə şəraitləri yoxdur.
“Məktəb meydanında futbol üçün qapı torları yoxdur. Hal-hazırda topumuz da yoxdur, xarab oldu, yenisini isə hələ ala bilməmişik.” Musayev Məmmədov deyir və yarı doldurulmuş, köhnəlmiş topla dostları ilə oynamaq üçün həyətə qaçır.

Düzəyrəm məktəbindən sonra kirayə götürülmüş evdə yerləşən Ləmbəli məktəbinə getdik. Tənəffüs zamanı uşaqlar həyətdə tennis topu ilə “dairədə top” oynayırdılar. Jurnalistin idman dərslərinin harada keçir, meydança və idman ləvazimatları varmı sualına məktəbin direktoru DavitRostomaşvili qıcıqlandı: “Əgər fitnəkar deyilsənsə, mənə niyə bu sualı verirsən?” O, bundan sonra da şərh vermək istəmədi, biz isə Təhsil və Elm Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq.
Tədris müəssisəsi üçün idman zalı və meydança mütləqdir, bu barədə Düzəyrəm məktəbinin direktoru QiyasAbuzərov danışır.
“Çox istedadlı uşaqlarımız var, lakin şərait yoxdur. Zal üçün yer də yoxdur, bunun üçün yeni binaya ehtiyac var. Tam təchiz olunmuş meydançamızın olması şagirdlərin və mənim ən böyük arzumuzdur. Xüsusi örtük və hasarlı.”

QiyasAbuzərovun dediyinə görə, kənddə meydança olmadığına görə, kənd sakinləri də oynamaq üçün məktəbə gəlirlər, lakin o, icazə vermir. Şagirdlərlə onların arasında qarşıdurma yaranacağından qorxur.

Gürcüstan İdman və Gənclər Nazirliyindən bildirildiyinə görə, Avropa İttifaqı ilə imzalanmış assosiasiya sazişinin fəaliyyət planına müvafiq olaraq, artıq idman obyektləri haqqında hərtərəfli məlumatlar işlənib hazırlanıb. İdman infrastrukturunun inkişafı üçün 2015-2020-ci illər fəaliyyət planının həyata keçirilməsi və monitorinqi davam edir. Tender keçirilib və Gürcüstanın 10 bölgəsində yerləşən 20 şəhərdə idman trenajorları və digər məşq ləvazimatları qurulub.
Onların verdiyi məlumata görə, “Gələcəkdə idman infrastrukturunun elektron xəritəsi yaradılacaq ki, buna da 50 000 lari xərclənəcək. Həmçinin infrastrukturun inkişafının 2015-2020-ci illər üçün fəaliyyət planının həyata keçirilməsi və monitorinqi işlənib hazırlanır ki, buna da 160 milyon lari xərclənəcək.” ─ İdman və Gənclər Nazirliyinin mətbuat xidmətinin rəhbəri SofoÇakvetadze bildirdi.

2016-cı ildə Yormuğanlı icmasında idman infrastrukturunun yaradılması, həmçinin bədən tərbiyəsi və təhsil baxımından assosiasiya sazişi çərçivəsində hansı tədbirlər planlaşdırılması barəsində sualımıza nazirlikdən bu mərhələdə cavab verə bilmədilər. Oxuculara ən qısa vaxtda bununla bağlı məlumat verəcəyik. Bu barədə məlumatı bizim veb-səhifəmizdə – www.speqtri.ge saytından əldə etmək mümkün olacaq.

Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyindən isə bildirdilər ki, fəaliyyət planının formalaşdırılması Təhsil və Elm Nazirliyi ilə razılaşdırılmış prioritetlər nəzərə alınaraq baş tutur. Daxil olan tələb əsasında binanı ilkin bərpa prioritetləri müəyyən olunur və bunun əsasında da bu və ya digər obyekt fəaliyyət planına daxil edilir.
“Yormuğanlı icmasının Düzəyrəm kəndinin ictimai məktəbinin rəhbərliyindən və ya marağı olan başqa şəxslər agentliyə bu mövzuda heç bir müraciət etməyib. Məktəb müdiriyyətinin müraciət etməsi halındaagentlik məsələni müzakirə edir və fəaliyyət planının formalaşdırılması prosesində prioritetlərə uyğun olaraq hərəkət edir.” – bizimlə söhbətində Təhsil və Elm İnfrastrukturunun İnkişafı Agentliyinin ictimaiyyətlə əlaqələr üzrə menecer NatiaMetreveli qeyd etdi.

Onun dediyinə görə, hal-hazırda Saqareco bələdiyyəsinin Ləmbəli kəndində məktəbin tikintisi davam edir ki, burada da müasir standartlara cavab verən idman zalı ilə bərabər, açıq idman meydançası da təşkil olunacaq.

Leave a Reply