NİKOTİNİN ZƏRƏRLİ NƏTİCƏLƏRİ VƏ SƏRTLƏŞDİRİLMİŞ QANUNLAR

posted in: Cəmiyyət | 0

Bizim Yormuğanlı icmasının Muğanlı kəndinə səfərimiz günəşli bir günə təsadüf etdi. Yerli sakinlər kəndin “birja”sına toplaşıblar, bəziləri kart oynayırlar, bəziləri kəndin aktual problemlərini müzakirə edirlər, bəziləri isə siqaret çəkməklə məşğuldur.

43 yaşlı Mahmad Nəsibov da Muğanlıda yaşayır. Siqaret çəkməyə 15 yaşından başlayıb. Milir ki siqaret çəkmək sağlamlığa bir çox ziyan vura bilər, atmaq istəyir, lakin bacara bilmir.
-“Bəziləri siqareti buraxıb, lakin mən hələlik bunu bacara bilmirəm. Bilirəm ki, mənim üçün pisdir, dörd dəfə buraxmaq istədim, lakin alınmadı. Mənə gündə iki qutu siqaret lazım olur. Nə isə elə bir tədbir keçirilsin ki, daha heç kəs çəkməsin, bununla özümüzü məhv edirik.”
Mahmad Nəsibov hərdən siqaret almaq üçün 13 yaşlı qardaşı uşağını göndərir. Bilmir ki, həddi-büluğa çatmamış uşaqlara siqaret satılması qanunla cəzalandırılır. Bu haqda ilk dəfə bizdən eşidib.

Düzəyrəm açıq məktəbinin şagirdlərinin siqaretin zərərli xüsusiyyətləri haqqında məlumatları var, buna görə də bu məktəbdə demək olar ki, heç kəs siqaret çəkmir.
– “Tütün sağlamlıq üçün çox pisdir, xüsusilə də yeniyetmələr üçün. Ailədə atam çəkir, bununla belə məndə maraq olmayıb, nə də dadına baxmamışam. Bilirəm ki yetkinlik yaşına çatmayanlara siqaret satmaq olmaz, bu qanunla qadağandır.” – on ikinci sinif şagirdi Elvin Sadıqov deyir.
Onun sinif yoldaşı Hüseyn Hüseynov da bu fikirdədir. “Siqaret sağlamlıq üçün zərərlidir, buna görə də vərdiş etmək istəmirəm. Ailədə nə atam, nə də babam çəkir. Fikrimcə ailədə böyüklər siqaret çəkirsə, uşaqlarda da maraq yaranır və onlar da siqaret çəkməyə başlayırlar. Yəqin ki, onlar gənclərə nümunə olmalıdırlar.”

Elvin və Hüseyn deyirlər ki, həddi buluğa çatmayanlara siqaret satılması yolverilməzdir. Yaşlı nəsildən fərqli olaraq onu da bilirlər ki, bu eyni zamanda cinayətdir.
Tütünə nəzarət sahəsində Gürcüstan qanununa uyğun olaraq siqaret satılan yerlərdə nazir tərəfindən təsdiqlənmiş tibbi xəbərdarlıq və tütündən imtina etmək istəyənlərin məsləhət alması üçün əlaqə nömrələri (qaynar xəttin nömrəsi – 116 001), həmçinin, həddi buluğa çatmayanlara siqaret satışının qadağan olunduğu haqqında məlumat yerləşdirməlidir. Belə tibbi xəbərdarlıq ən azı A4 kağızında yerləşdirilməlidir. Bu icmada bu qanun haqda da məlumat yoxdur.

Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi tərəfindən keçirilmiş araşdırmaya görə, tütün məmulatlarına qoyulmuş məhdudiyyətlər işləmir. Araşdırılmış ticarət obyektlərinin 92%-i tütün məmulatları satır, məktəbə 50 metr məsafədə yerləşən ticarət obyektlərinin 85%-i tütün satır. Tütün məmulatları satan ticarət obyektlərinin 2%-i tütün məmulatlarını uşaqlar üçün nəzərdə tutulan məhsulların yerləşdirildiyi bölmədə yerləşdirib, 27.7% siqareti açıq şəkildə ədədlə satır, 34%-də tütün məmulatları çöldən görünür. Tütün məmulatları satanlardan 96% tütün satışı haqqında qanunu bilmirlər.

Səhiyyə Nazirliyinin məlumatına görə, Gürcüstanda tütün istifadəsi ilə bağlı vəziyyət təhlükə həddindədir. Siqaretin yaratdığı xəstəliklər üzündən hər il 11 000 insan dünyasını dəyişir, bunlardan 3 000 nəfəri passiv siqaret çəkənlərdir. Siqaret çəkənlərin əksəriyyəti gün ərzində 20 siqaret çəkir ki, bu da siqaretdən asılılığın ağır olduğunu göstərir.

“Geo Hospitals” ın Qurcaani tibb mərkəzinin daxili tibb sahəsi üzrə rəhbəri Marina Natsauri siqaretin səbəb olduğu xəstəliklər haqqında söhbət açır. -“Nikotin qan damarlarının daralmasına səbəb olur, bu da bütün orqanların fəaliyyətinin pozulması deməkdir. O orqanlara qan və oksigen getmir. Nikotinin təsiri ağız boşluğundan başlayır, diş emalı zədələnir, müvafiq olaraq kariyes inkişaf edir, diş sarı rəng alır. Selikli hissəyə də təsir göstərir və ağızda stomatit yaranır, diş ətinin iltihabı əmələ gəllir. Siqaret çəkənlərdə xroniki bronxit də inkişaf edir ki, bu da bronxların daralmasına səbəb olur və ağciyərin xroniki obstruktiv xəstəliyini yaradır. Bu ən ağır xəstəliklərdəndir və dünyada üçüncü yerdədir. Nikotinin mədə-bağırsaq sisteminə təsirinə gəlincə, mədə şirəsinin güclü sekresiyası üzündən mədə və onikibarmaq bağırsağın iltihabı, kolit və mədə xorası əmələ gəlir. Nikotin ürək əzələsinin işemik xəstəliyinə, o cümlədən miokard infarktına da səbəb olur. O da məlumdur ki, siqaret şəkənlərdə miokard infarktından ölüm halları çəkməyənlərdən iki dəfə artıqdır. Nikotin ağciyər xərçənginin inkişafı riskini artırır. Statistik məlumatlara görə, siqaret çəkənlərdə ağciyər xərcəngi çəkməyənlərə nisbətən 20 qat artıq sürətlə inkişaf edir. Statistikaya görə, ağciyər xərçənginə tutulanların 90%-i siqaret çəkənlərdir.”

Həkimin dediyinə görə, siqaret passiv çəkənlərə də zərər vurur, müxtəlif xəstəliklər yaradır.
-“O da məlumdur ki, ildə təxminən 50 000 nəfər passiv siqaret çəkmənin səbəb olduğu müxtəlif patologiyalar üzündən dünyasını dəyişir. Passiv siqaret çəkənlər əsasən siqaret çəkənlərin övladları olur. Müəyyən olunub ki, onlar tez-tez xəstələnirlər və yolxucu patologiyalara qarşı müqavimətləri çox aşağı olur. Hər bir xəstəlik siqaret çəkməyənlərin övladlarına nisbətən uzun sürür.”

2013-cü ildə Ümumdünya Səhiyyə Təşkilatının tütünə nəzarət çərçivə-konvensiyasını ratifikasiya edərək Gürcüstan dünyanın başqa 178 ölkəsi ilə bərabər ölkədə tütünə nəzarət istiqamətində mükəmməl tədbirlərin keçirilməsini öz öhdəliyinə götürüb. Bununla Gürcüstan aydın şəkildə göstərdi ki, tütünə nəzarət ölkə üçün prioritet məsələlərdən biridir, bununla belə bu günə qədər həmin öhdəliklərin çox cüzi bir hissəsi yerinə yetirilib.

TÜTÜN HAQQINDA QANUNA HANSI DƏYİŞİKLİKLƏR EDİLƏCƏK

Konvensiyaya uyğun olaraq ölkəmiz strategiyanın bilavasitə tapşırıqlarını da müəyyənləşdirib ki, bu da əhalinin bütün qruplarında aktiv siqaret istifadəsinin aradan qaldırılmasına dəstəyi nəzərdə tutur. Strategiyaya görə, həmçinin, siqaretə başlamanın qarşısının alınması , xüsusilə gənclər arasında, tüstüyə məruz qalmanın (passiv siqaret çəkmə) azalması, əhalinin siqaret çəkməyin və siqaret tüstüsünün zərərləri haqqında məlumatlandırılması; həddi buluğa çatmayanlar arasında siqaret çəkmənin yayılmasının ildən-ilə 1% azaldılması həyata keçirilməlidir.

Assosiasiya sazişi çərçivəsində Tütünə Nəzarət Haqqında Qanuna bu il nəzərdə tutulan dəyişikliklər edilib. Qanun layihəsi Gürcüstan Parlamentinin İnsan Hüquqlarının Müdafiəsi Komitəsində müzakirə edilib və yekdilliklə dəstəklənib. Dəyişikliyə əsasən, mehmanxanalara siqareti tam şəkildə qadağan etmək üçün 2017-ci il iyul ayının 1-ə qədər vaxt verilir, bu vaxta qədər nömrələrin ən çox 50%-də tütün istifadəsinə icazə veriləcək. İctimai iaşə obyektləri, ictimai müəssisələr, gözəllik salonları və mağazalar bu vaxta qədər sahəsinin 20%-ni siqaret çəkmək üçün ayıra bilərlər. Təhsil müəssisələrinə 100 metrə qədər məsafədə tütün və onun aksesuarlarının satışı yolverilməz olacaq. Siqaret reklamı da qadağan olunacaq, həmçinin bundan sonra satışda olan siqaret piştaxta üzərinə, görünən yerə qoyulmayacaq.

Hal-hazırda qüvvədə olan Gürcüstan İnzibati Xətalar Məcəlləsinin 1553-cü maddəsinə əsasən tütün məhsullarının satışına qoyulan tələblərə əməl olunmaması müxtəlif cərimələr nəzərdə tutur. Uşaq geyimləri və oyuncaqlar satılan mağazalarda siqaret satışına görə 100 lari məbləğində cərimə nəzərdə tutulur.

Tütün məhsullarının məktəbəqədər təhsil müəssisələrində, məktəbdə, 18 yaşına qədər şəxslər üçün nəzərdə tutulmuş müəssisələrdə-təşkilatlarda və onların ərazisinə 50 metrə qədər məsafədə, həmçinin bütün tibb və təhsil müəssisələrində satışına görə əlli lari cərimə nəzərdə tutulur.
18 yaşa qədər şəxslərə siqaret satılması 100 lari həcmində cərimə olunur. Siqaretin ədədlə satılması, siqaret qutusunda 20 ədəddən az olarsa, bu qutunun satılması 10 lari həcmində cərimələnir.

Tamar Kapanadze

Leave a Reply