DƏRMAN PREPARATLARININ NƏZARƏTSİZ QİYMƏTİ

posted in: Cəmiyyət | 0

Saqareco bələdiyyəsinin Yormuğanlı icmasının əhalisidərmanların baha olmasından söhbət açır və bildirirlər ki, problem daim mövcuddur, onun həlli yolları isə hələlik görünmür.
Muğanlı kəndinin sakini 49 yaşlı Alan Talıbov bir müddət əvvəl onurğasından əməliyyat olunub, görmə ilə bağlı problemi var. Deyir ki, daimi müalicəyə ehtiyacı var, lakin dərmanlar bahalı olduğuna görə ala bilmir. Fiziki iş görə bilmir, yeganə gəliri səhhətinə görə nəzərdə tutulan 100 larilik təqaüddür.

Alanın dediyinə görə, kənddə dərmanların qiyməti, rayon mərkəzinə nisbətən bahadır, onu da qeyd edir ki, digər əczaxanalarda da qiymətlər münasib deyil.
-“Nə isə lazım olsa, Ləmbəli və Keşəliəczaxanalarından alıram, lakin dərmanlar çox bahadır. Saqareco əczaxanalarında seçim çoxdur, qiymətləri də fərqlidir, buna görə də soruşuram, harada nisbətən ucuzdur, ora gedirəm.”

Dərmanların bahalığı və qiymətlərinin müxtəlifliyi haqqında Qazlar kəndinin sakinləri də danışırlar. Cahan Məmmədovanın ürəyi narahat edir və buna görə də daim müalicə altında olmalıdır.
-“Nəfəs darlığım var və səhərləri çox çətin açıram. Həmişə dərman lazım gəlir. Baha olduğuna görə təqaüdüm da dərman almağa çatmır. Ailəm böyükdür və indi də bu problemi əlavə olunub. Kəndimizdə əczaxana yoxdur və buradan Saqarecoya getmək üçün pul lazımdır. Endirim kartından da istifadə edirəm, lakin dərmanlar yenə də çox baha başa gəlir. Hakimiyyət mütləq diqqət yetirməlidir ki, qiymətlər tənzimlənsin. Xalq elə də ehtiyac içində yaşayır və bir tərəfdən də bu problem əlavə olunur.”

Spektr mövzu ilə maraqlandı və bir neçə əczaxana şəbəkəsində belə xəstələr üçün mühüm olan dərmanların qiymətlərini yoxladı.
Bronxial astmanın müalicəsi üçün nəzərdə tutulan və reseptsiz satılan Puroksan preparatının qiyməti dörd əczaxanada radikal şəkildə fərqlənirdi. Bir ədəd həbin minimal qiyməti 1,37, maksimal qiyməti isə 1,81 laridir.

Cahan Məmmədova müntəzəm olaraq bu qrupa aid olan preparatlar qəbul edir. Bundan başqa, ona kardioloji vasitələr də lazımdır ki, bunun alınması da onun ailəsi üçün elə də asan deyil.

Yerli sakinlərin bildirdiyi problemlərdən biri də odur ki, həkimlər çox vaxt xəstələrə elə dərmanlar təyin edirlər ki, o dərmanların distribüteriləri ilə müəyyən müqavilələr bağlayıblar.

Dərmanların qiymətinə nəzarət edən Dövlət Xidmətinin olub olmaması ilə bağlı Gürcüstan Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi ilə əlaqə saxladıq. Onların bildirdiyinə görə, bu dərman agentliyinin səlahiyyətlərinə daxildir. Lakin aydın oldu ki, qiymətlərə onlar da nəzarət etmir. Dərman agentliyində bildirirlər ki, onların səlahiyyətilərinə yalnız dərmanların keyfiyyətinə nəzarət daxildir.

Struktur formalaşma və əlavə nəzarətə ehtiyac olması ilə bağlı qeyri hökumət təşkilatlarının nümayəndələri danışdılar.
-“Gürcüstan Avropa İttifaqı ilə Assosasiya sazişi imzalayıb və uzunmüddətli perspektivdə yəqin ki, üzv də olacaq. Buradan irəli gələrək ki, əgər Avropa İttifaqına üzv ölkələri götürsək, dərmanların qiymətinə bu və ya digər şəkildə hər yerdə nəzarət olunur. Ümumiyyətlə, tənzimləmənin bazarda olan boşluqları birtəhər düzəltmək funksiyası var. Dərman qiymətlərinə hər zaman nəzarət olunmalıdır, çünki əczaçılıq şirkətləri böyük gəlirlər əldə edirlər. Ümumiyyətlə, səhiyyə sahəsində çox böyük problemlər var. Strategiyanın işlənib hazırlanması ilə məşğul olan dövlət idarəsi olmalıdır. Başqa cür, öz arzuları ilə, əczaçılıq şirkətləri qiymətləri tənzimləyə bilməz. Lakin bəzən strategiya işlənib hazırlanır, lakin onun həyata keçirilməsini heç kəs öz öhdəsinə götürmür. Buna görə də qeyri hökumət təşkilatı olaraq nə qədər danışsaq da heç nə dəyişməyəcək.” – bizimlə söhbətində WelfareFoundation təşkilatının icraçı direktoru SimonQabriçidze bildirdi.

Onun dediyinə görə, dərmanların rasional istifadəsi istiqamətində də nəzarət olmalıdır.
-“Səhiyyədə ümumi xərclərin kifayət qədər böyük hissəsi – 45 faizi dərmanlara gedir, digər ölkələrdə isə bu nadir hallarda olur. Bu isə birbaşa onu göstərir ki, bu sahədə tənzimləmələr qaydasında deyil. Əczaçılıq şirkətlərinin həm həkimlərə, həm də aqressiv marketinqdən irəli gələrək əhaliyə təsiri çox güclüdür. Yalnız qiymətlər yuxarı deyil, tez-tez ortaya çıxan problemlərdən biri də həkimlərin xəstəyə ehtiyac olduğundan artıq dərman təyin etməsidir, çünki onların maddi maraqları var. Belə hallar Gürcüstanda geniş yayılmışdır. Əczaçılıq şirkətləri həkimlərə güclü təsir göstərir, bu isə dərmanların əhali arasında qeyri-rasional şəkildə istifadəsinə səbəb olur.
İndiki dövrdə insanı dərmanlara ehtiyac duymayacaq dərəcədə sağalam təsəvvür etmək mümkün deyil. Xəstənin həkimin təyin etdiyi dərmanın az olduğunu və müalicəyə kifayət etməyəcəyini hesab etməsi halları da tez-tez baş verir. Bu istiqamətdə də insanları maarifləndirmək lazımdır. Başqa cür arzu olunan nəticəni əldə etmək çox çətindir.”

Həkimlərin əczaçılıq şirkətləri ilə müqavilə bağlanmasını Muğanlı ambulatoriyasının meneceri, ailə həkimi Bəşir Mahmudov inkar edir. O, müəssisədə belə faktların mövcud olmasının mümkün olmadığını bildirir və deyir ki, heç kəs ilə belə müqavilə bağlanmayıb. Lakin qeyd edir ki, distributorlar onların ambulatoriyasını tez-tez ziyarət edir.
-“Bu düzgün yanaşma deyil. Şəxsən mən belə bir şeyə heç vaxt cəsarət etmərəm. Mənim üçün böyük ayıb olar ki, mən kiməsə dərman yazım, sonra oradan pul alım. Başqa yerdə nə baş verir, bilmirəm, amma bizdə belə hallar olmur. Şirkət nümayəndələri bizim ambulatoriyaya tez-tez gəlirlər, lakin mənim mövqeyimi bildikləri üçün mənə heç nə demirlər. Başqa həkimlər nə edirlər, bunu deyə bilmərəm.” – o, qeyd etdi.

Dərmanların qiymətinin fərqli olması ilə bağlı əczaxana sahibləri də danışdılar və bildirdilər ki, heç bir idarə və qiymətlərə nəzarət edə bilməyəcək.
“Aversi, PSP özəl şirkətlərdir. Onlar dərmanları özləri hazırlayır və satış üçün bazara daxil edirlər. Ona görə də qiymətləri də özləri qoyurlar. Başqa şirkətlər də onlardan dərman alanda, əlbəttə ki, özləri də qiyməti artırır. Bundan irəli gələrək belə fikirləşirəm ki, qiymətlərə nəzarət çətin olacaq. Ümumiyyətlə fikirləşmirəm ki, hansısa idarə bu işlə məşğul olmaq istəsin.”

Aversidən bildirdilər ki, sərt rəqabət və larinin inflyasiyası ilə əlaqədar olaraq dərmanların qiymətinə əlavələr minimaldır. “Bundan aşağı qiymətə işləmək mümkün deyil. Bu sahədən kimin məlumatı var, onlar yaxşı bilir. İdarənin yaradılmasına gəlincə isə bizim heç bir etirazımız yoxdur.” – Aversi klinikasının mətbuat və ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Lali Breqvadze bildirdi.
Bu məsələ ilə bağlı Spektr PSP ilə də əlaqə saxladı, lakin onlar hər hansı şərh vermək istəmədilər.

Marina Beroşvili

Leave a Reply