DÖVLƏT 2018-Cİ İLDƏN HİV-İNFEKSİYASININ MÜALİCƏSİNİ TAM ŞƏKİLDƏ MALİYYƏLƏŞDİRƏCƏK

posted in: Cəmiyyət | 0

58 yaşlı Əhməd Əhmədov Yormuğanlı icmasının Qazlar kənd sakinidir. Evdə həyat yoldaşı ilər birlikdə yaşayırlar, üç övladı isə Moskvadadır. Əvvəllər qoyunçuluqla məşğul idi, bir neçə ayını Şirakda keçirirdi. İndi isə qoyunçuluqdan imtina edib və yalnız ev işləri ilə məşğuldur.
Bizim HİV infeksiyası və QİÇS-in nə olduğu barədə sualımıza isə bu haqda yalnız televiziyadan səthi məlumat aldığını dedi.

“Nə deyim, bəlkə mənim özümə də lazım ola bilər, amma bilmirdim. Sadəcə televiziyada məlumat almışdım. QİÇS nədir, necə yayılır, hansı şikayətlər olur və insan həyatı üçün nə dərəcədə təhlükəlidir, ətraflı məlumatım yoxdur. Haraya getmək və hansı analizləri vermək lazım olduğunu da bilmirəm. Əgər bizlərə də məlumat çatdırılsa yaxşı olar. Atılmış kənddir, yəqin şəhərdə bu haqda daha çox bilərlər,” o, deyir.

19 yaşlı Elvin Kərimov Yomuğanlının Düzəyrəm kəndindəndir. O, İvane Cavaxişvili adına Dövlət Universitetinin hazırlıq kursunun tələbəsidir. Gələn ildən təhsilini siyaso elmlər üzrə davam etdirməyi planlaşdırır. Elvin QİÇS-in nə olduğunu yaxşı bilir, onu da bilir ki, xalq onu 20-ci əsrin qara taunu adlandırırdı. Deyir ki, onların icmasında bu xəstəlik haqqında məumat çox azdır, xüsusilə yaşlı nəsil arasında. Yayılmış stereotip haqqında da məlumatı var.

“Elə fikir mövcuddur ki, kimsə QİÇS-ə yoluxubsa, ona yaxınlaşmaq olmaz. Bu düzgün fikir deyil. Təhlükəsizlik normaları qorunarsa, yolxucu deyil. Yəqin ki, treninqlər və ya başqa tədbirlər keçirilməlidir ki, əhalinin daha çox məlumatı olsun.”

QİÇS Qazanılmış İmmun Çatışmazlığı Sindromudur, HİV infeksiyası fonunda inkişaf edir. “HİV infeksiyası əsasən immun sisteminə zərər vurur. QİÇS isə son mərhələdir, hansı ki əksər hallarda ölümlə nəticələnir. Xəstəliyin əsas yoluxma yolu qandır. İnfeksiya mənbəyi lazımi qaydada sterilləşdirilməmiş tibb, döymə (tatu) və pirsinq alətləri ola bilər. Risk qrupları olaraq dializdə olan şəxslər, tibbi personal, fahişələr, venadaxili narkomaniya ilə məşğul olan şəxslər qəbul olunur. İnfeksiya mənbəyi əsasən HİV infeksiyasına yoluxmuş insandır. Xəstəliyin aydın kliniki əlaməti yoxdur, lakin yenə də bir neçə simptom məlumdur. Bunlar halsızlıq, limfa vəzilərinin böyüməsi, mədə-bağırsaq pozuntusu, gecələr tərləmə və çəkinin azalmasıdır.” – Qurcaani İctimai Səhiyyə Mərkəzinin həkim-profilaktiki Eka Burdiaşvili deyir.

Onun dediyinə görə, yoluxmanın bir neçə mərhələsi var.

“Birinci pəncərə mərhələsidir, bu zaman insan virus daşıyıcısıdır, lakin laborator analizlər bunu aşkarlaya bilmir. İkinci mərhələ kliniki əlamətlərin kiçik dəyişiklikləri ilə müşahidə olunan mərhələdir ki, bu da 3-5 il çəkir. Üçüncü mərhələ təzahür etmiş kliniki əlamətlərlə davam edən prosesdir ki, bu zaman artıq immun sistemi əhəmiyyətli dərəcədə zərər görür və ciddi xəstəlik inkişaf edir. Son mərhələ isə QİÇS-dir. Bu zaman insan artıq daha əvvəlki kimi fəal olmur, səhhətində böyük problemlər qeydə alınır, bu mərhələ isə ölümlə nəticələnir.”

Assosiasiya Sazişi 2016-cı il fəaliyyət planına əsasən, Gürcüstan keçici xəstəliklər, o cümlədən, QİÇS və HİV infeksiyasına epidemioloji nəzarəti edilməsi üçün öhdəlik götürüb. Ölkə miqyasında qabaqlayıcı tədbirləri Xəstəliklərə nəzarət və İctimai Səhiyyə Milli Mərkəzi bir neçə istiqamətdə həyata keçirir. “Könüllü məsləhətləşmələr və testlər aparılır, burada həm ictimai xidmətlər, həm də mülki ictimaiyyət iştirak edir. Xatırladırıq ki, bu xəstəliklər üçün damğa səciyyəvidir, çox adam məsləhət üçün tibb müəssisələrinə getməyə utanır və mülki sektorla əməkdaşlığa üstünlük verir. Qabaqlayıcı tədbirlər əsasən davranışın dəyişdirilməsinə istiqamətlənir. Davranışın dəyişdirilməsi dedikdə prezervativlərdən istifadə, düzgün cinsi əlaqə, inyeksiya narkotikləri istifadəçisi ilə iş, təhlükəsiz birdəfəlik şprislərdən istifadə və s. nəzərdə tutulur. Hədəf auditoriya, yəni tədbirlərin keçirilməsinin daha vacib olduğu risk qrupları seçmişik. Bunlar kommersiya tipli seks-işçiləri, inyeksiya narkotikləri istifadəçiləri, homoseksual əlaqədə olan kişilər, necə düzgün yaşamalı olduğunu bilməli olan gənclərdir. QİÇS elə mövzu deyil ki, xalqı birjaya toplayıb elə söhbət edəsən. Məktəblərdə, universitetlərdə və digər tədris müəssisələrində görüşlər keçirilir.” – Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin Kaxeti şöbəsinin rəhbəri Neli Xizanişvili deyir.
Ümumdünya QİÇS-lə Mübarizə günü, 1 dekabrda məlum oldu ki, 2018-ci ildən HİV-infeksiyasının müalicəsi tamamilə dövlət maliyyələşdirəcək. “Hal-hazırda, əgər vətəndaşda HİV infeksiyasının olduğu təsdiqini taparsa, qalan digər müayinə və müalicələri dövlət maliyyələşdirir. Buna qədər bu məhdud idi və proqrama hər xəstə qoşula bilmirdi. 2018-ci ildən bu tamamilə hər kəs üçün əlçatan olacaq. Dərmanlar yalnız Tbilisidə, Kliniki İmmunologiya və QİÇS Elmi Praktiki Mərkəzdə veriləcək.”

Kaxetidə HİV infeksiyasının laborator müayinəsi Telavidə mümkündür. İctimai Səhiyyə Mərkəzi və “Gələcəyə Addım” qeyri hökumət təşkilatında xidmət pulsuzdur.

“Gələcəyə Addım” təşkilatının Telavi ofisinin koordinatoru Kaxa Qemazaşvilinin dediyinə görə, onların kontingenti yalnız inyeksiya narkotikləri istifadəçiləridir. “Bizim həyata keçirdiyimiz proqram “Ziyanın azaldılması” adlanır. Proqramda hər bir istəyən üçün müayinə aparılması nəzərdə tutulmayıb. Sosial işçilərimiz var, onların da belə deyək, hərəsinin öz müştərisi var. Bir ildən artıqdır səyyar laboratoriyamız var, Kaxeti miqyasında dolaşırıq və yerlərdə müayinə aparırıq. Milli azlıqlara gəlincə isə, bilavasitə Yormuğanlı icmasında olmamışıq, lakin Qaracalarda aksiyamız olmuşdu. Bu il 10 HİV-ə yoluxma halı qeydə alındı. Hələlik anticisimlərin olub olmadığını müəyyən etmək üçün testlər aparılır, sonra isə qan QİÇS mərkəzinə göndəriləcək.”

Məlumat üçün deyək ki, Avropada hər gün 400-ə qədər yoluxma halı qeydə alınır. Bu baxımdan vəziyyət Şərqi Avropa ölkələrində xüsusilə mürəkkəbdir. Milli Statistika Xidmətinin məlumatına görə, Gürcüstanda HİV infeksiyası və QİÇS halları hər il artır. Əgər 2006-cı ildə bu rəqəm 1156 idisə, 2015-ci ildə 5412 idi.

Məlumat üçün
Telavi İctimai Səhiyyə Mərkəzi Aladaşvili küçəsi 2 ünvanında yerləşir. HİV infeksiyası və QİÇS analizləri iş günləri saat 10:00-dan 15:00-a qədərverilə bilər. 5 dəqiqə ərzində cavab almaq mümkündür. Əgər HİV infeksiyası aşkar olunarsa, qan sonrakı müayinə üçün Kliniki İmmunologiya və QİÇS Elmi Praktiki Mərkəzinə göndərilir. Mərkəz Aleksandr Kazbeqi prospekti 16 ünvanında yerləşir. Bu mərkəzdə analiz vermək istəyənlər xidmətdən saat 10:00-dan 14:00-a qədər yararlana biləcəklərini nəzərə almalıdırlar.
“Gələcəyə Addım” qeyri hökumət təşkilatına gəlincə, onların ünvanı Telavi, Ninoşvili küçəsi 39-dur. Laboratoriya müayinələrinin keçirilməsi şənbə-bazar günlərindən başqa, hər gün saat 10:00-dan 15:00-a qədər mümkündür.

Tamar Kapanadze

Leave a Reply