MİLLİ AZLIQLAR ÜÇÜN PEŞƏ TƏHSİLİ ƏLÇATANDIR

posted in: Təhsil | 0

Saqareco bələdiyyəsinin Yormuğanlı icmasının Düzəyrəm açıq məktəbinin 9-cu sinfində 30 şagird var. Direktor Qiyas Abuzərovun dediyinə görə, 10-cu sinifdə ola bilsin ki onlardan ancaq yarısı təhsilini davam etdirsin.

Təhsilini 9-cu sinifdən sonra dayandıranlar fərdi şəxsin yanında sənət öyrənir, çox halda isə ailə işinə qoşulur – tarlada çalışır, qoyun otarır və bu kimi başqa işlər görür.

Maqsud Bayramov 9-cu sinif şagirdidir. Peşə təhsili haqqında demək olar ki, məlumatı yoxdur. Deyir ki, gələn il sənət öyrənmək üçün ola bilsin ki Bakıya getsin.

“İstəyirəm “elektrik” olam, öyrənmək üçün gərək Bakıya gedəm və orada usta yanında kurslar keçəm. Gürcü dilini bilirəm, amma yenə də Gürcüstanda öyrənmək çətin olar, hansısa sözləri başa düşməyə bilərəm.”
Qiyas Abuzərovun dediyinə görə, müdiriyyət peşə dərsləri haqqında uşaqlara məlumat verir, lakin bu kifayət deyil, valideynin də buna maraq göstərməsi daha mühümdür.

Təhsil məsələləri araşdırmaçısı Simon Canaşia hesab edir ki, peşə təhsili nüfuzlu olmadığından əksəriyyət istəyir ki, təhsilin ali pilləsinə keçsin. Bu iqtisadiyyatla da əlaqəlidir, belə ki, iş yerləri azdır və işə götürən də istəyir ki, yüksək ixtisaslı şəxs seçsin.
“Problemlərdən bir odur ki, məktəblə paralel olaraq peşə dərsi almaq mümkün deyil. Şagird ya məktəbi bitirib sonra peşə təhsili alır, ya da məktəbi buraxır və peşə təhsili alır.

Həmçinin, bütün bələdiyyələrdə peşə təhsili mərkəzləri yoxdur, bu isə şagirdin xərclərinin artması deməkdir. Ola bilsin ki, peşə təhsili ilə daha çox maraqlanan şəxsin bu təhsili almaq üçün ən az resursu olsun, o ki qaldı başqa yerə gedib orada yaşaya. Peşə məktəbinin şagirdə nə dərəcədə keyfiyyətli təhsil verməsi və işə götürənin tələblərinə nə dərəcədə cavab verməsi də başqa söhbətin mövzusudur.”

Simon Canaşianın fikrincə, peşə məktəblərinin nüfuzunun artırılması üçün iki istiqamətdə iş aparmaq lazımdır. “Birincisi odur ki, ali məktəblərə peşə təhsili proqramı inteqrasiya olunmalıdır ki, bir illik və ya iki illik peşə proqramını əhatə etmək üçün hansısa çətin yolun keçilməsinə ehtiyac qalmasın. Həmçinin, peşə dərəcələri təsis oluna bilər, məsələn, xaricdə peşə magistraturası var, bu da mühümdür və ikinci tərəfdən, məktəblərdə də peşə təhsili maksimal şəkildə inteqrasiya olunmalıdır. Peşə təhsili mərkəzlərinə ümumtəhsil proqramları, o cümlədən, uzaqdan təhsil daxil olmalıdır, bu zaman nüfuzun artırılması daha asan olar.”

Təhsil Nazirliyi təxminən iki aya Parlamentə peşə təhsili ilə bağlı qanun layihəsi təqdim edəcək.

Peşə təhsilinin inkişafı departamentinin rəhbər müavini Tamar Samxaradze deyir ki, hal-hazırda mövcud olan qanunda müxtəlif sosial qrupların nümayəndələrinin peşə təhsilindən bərabər səviyyədə yararlanması üçün çox sayda məhdudiyyət yaradan normalar var.
“Bizim təhsil sahəsinə aid qanunvericiliyimiz faktiki olaraq bizi çıxılmaz vəziyyətə salır. Bu imkan vermir ki insan bir sahədən asanlıqla digər sahəyə keçə bilsin, və ya kreditləşmənin qəbul edilməsi və təhsilin növbəti pilləsinə keçidi həyata keçirsin.

Bu çatışmazlıqları yeni qanun aradan qaldıracaq. Bu ixtisasların yeni Avropasayağı çərçivəsini təsdiqləməyə əsas yaradacaq. 9-cu sinifdən peşə təhsilinə yönələnlərin paralel olaraq tam ümumi təhsil almalarına da imkanları olacaq, bu isə o deməkdir ki, proqrama tam ümumi təhsil kursu inteqrasiya olunacaq, bunu bitirdikdən sonra isə həmin şəxs təhsilini ali məktəbdə davam etdirə biləcək. Gələcəkdə peşə təhsilində yığılmış kreditlərin transferi və təhsilin nəticələrinin ali məktəb çərçivəsində nəzərə alınması bu sistemin ən böyük nailiyyətləri olar. Avropa kredit sistemi də assosiasiya sazişinin bir hissəsidir və yeni qanun bu sahəni çox gözəl tənzimləyəcək.”

Təhsil Nazirliyi artıq pilot mərhələyə başlayıb, bunun üçün kənd təsərrüfatı sahəsi ilə əlaqəli iki proqram seçilib: meyvəçilik və heyvandarlıq. “Pilot prosesinə öz layihələri ilə kənd təsərrüfatına yönəlmiş BMT İnkişaf proqramı da dəstək verir. Bu pilot proses 3 kollecdə həyata keçiriləcək. Bunlar Kaxetidə Qurcaani bələdiyyəsinin Kaçreti kəndindəki “AİSİ” ictimai kolleci, Msxetada, Tsinamdzğvriantkaridəki Tsinamdzğvriaşvili adına kollec və Senakidə Şota Mesxi adına Zuqdidi dövlət Universitetinin şöbəsidir. Bu bizə imkan yaradacaq ki, artıq işlənib hazırlanmış yanaşmanın nə dərəcədə münasib olduğunu və bizim verəcəyimiz diplomun tam ümumi təhsil şəhadətnaməsinə bərabər sayılmasının nə dərəcədə mümkün olduğunu testdən keçirək. İnteqrasiya olunmuş modullar artıq işlənib hazırlanıb, müəllimlər də seçilib, həmin müəllimlər bir neçə mərhələli treninqlər də keçiblər. Fikrimcə qış tətilindən sonra, 2017-ci ildə biz artıq pilot layihə çərçivəsində dərs prosesinə başlaya biləcəyik, monitorinq həyata keçirə biləcəyik və seçilmiş yanaşmanın pis-yaxşı tərəflərini dəyərləndirəcəyik.”

Assosiasiya sazişinin 2016-cı il fəaliyyət planına əsasən artıq ümumi təhsil çərçivəsində peşə bacarıqlarının mənimsənilməsi imkanları yaradılıb. 8-ci, 9-cu, 10-cu sinif şagirdləri üçün kolleclərdə qısamüddətli oriyentasiya kursları əlçatan olacaq. Bunun nəticəsi olaraq onlar hansı sənəti öyrənmək imkanlarının olduğunu daha aydın şəkildə biləcəklər. Bununla belə Tamar Samxaradzenin dediyinə görə, elə bələdiyyələr var ki, orada kolleclər yoxdur, buna görə də bu tipli kurslar məktəblərin bazasında təklif olunmalıdır.

“Belə qısamüddətli oriyentasiya qursları başqa və diplomun verilməsi ilə nəticələnən tam ixtisas proqramı başqa. Kareli bələdiyyəsinin Aqara qəsəbəsinin məktəbi avtorizasiya keçməsi və məktəb şagirdləri ilə yanaşı digər maraqlanan şəxslərə tam ümumi təhsillə paralel olaraq peşə təhsili proqramları da təklif etməsi ilk hal idi. Buna qədər heç bir məktəbin belə xidmət göstərmək hüququ yox idi. Fikirləşirik ki, bu çox məktəb üçün nümunə olacaq.”
Tamar Samxaradzenin dediyinə görə, mühüm məsələlərdən biri də 2016-cı ildən peşə təhsilinin etnik azlıqlar üçün də əl çatan olmasıdır. Bu il testlər onların dillərinə tərcümə olundu. Azərbaycanlı şagird qeydiyyatdan keçib kollecin qəbul imtahanlarını Azərbaycan dilində verə bilər, sonra isə kollecin təklif etdiyi bir neçə aylıq intensiv Gürcü dili kursları keçir. “İstənilən sayda, hətta bir nəfər olsa belə etnik azlıq üçün kollec dil kursları açmağa cavabdehdir, belə ki bu kurslar bitirildikdən sonra peşə proqramı üzrə təhsili problemsiz davam etdirilə bilsin. Bizim sistem bu tipli şagirdi bu il ilk dəfə qəbul etdi.”

“AİSİ” ictimai kollecində pilot proqram üzrə artıq iki nəfər Azərbaycanlı qeydiyyatdan keçib. Direktor Natela Papunaşvilinin dediyiə görə, onlar üç ay ərzində Gürcü dili öyrənəcəklər, bundan sonra isə təhsillərini seçdikləri proqram əsasında davam etdirəcəklər.
“Bu uşaqların kifayət qədər yaxşı nəticələri var. Gələn qəbulda da Azərbaycanlılar bizdə oxumaq istəsələr, onlara da ilk olaraq Gürcü dilini öyrədəcəyik, sonra isə peşə təhsilini digər şagirdlərlə birlikdə davam etdirəcəklər.

Biz peşəyə istiqamətlənmişik və hər qəbulda bir neçə dəfə Azərbaycanlıların yaşadığı kəndlərə gedirik, tələbələrlə, müəllimlərlə görüşürük, məlumat vərəqələri asırıq, təhsilin xüsusiyyətləri haqqında məlumat veririk. Bizim Gürcü dilini bilən Azərbaycanlı tələbələrimiz var və onlar bu proqrama qoşulmayıblar, lakin onların çətinlikləri olsa, mütləq qoşulacaqlar.”
Kollecdə təhsil vauçer maliyyəsi əsasında həyata keçir. Burada 350 şagirdə hesablanmış, dövlət qrantı alan şagirdlər üçün pulsuz olan ümumi yataqxana fəaliyyət göstərir.
Yeməyə gəlincə, yalnız ehtiyac içində yaşayan şagirdlər üçün pulsuzdur ki, bunun xərcini tə təhsil müəssisəsi özü ödəyir.

MƏKTƏBLƏR NECƏ MİNİ KOLLEC YARATMALIDIRLAR.

Peşə təhsilinin inkişafı departamentinin rəhbərinin müavini Tamar Samxaradzenin dediyinə görə, qanunvericilik məktəblərlə peşə təhsili proqramlarını həyata keçirməyə imkan verir. İlk növbədə öz maraq sahələrində olan və bölgənin ehtiyaclarından irəli gələn istiqamətləri müəyyən etməlidirlər.
“Maraqlıdı, məktəb hansı konteksdə fəaliyyət göstərir, onun ətrafında hansı biznes inkişaf edir, nəyə tələb yarana bilər, şagirdlərdə nəyə maraq oyada bilərik. Valideynlərlə və işə götürənlə məsləhətləşmələr yaxşı olardı, bu müdiriyyətə həyata keçirilməsi yerli əmək bazarına daha çox yardım edəcək, şagirdlərin özlərinin müxtəlif ixtisaslara maraqlarını aşkarlamağa kömək edəcək kursları müəyyənləşdirməkdə kömək edərdi.”
Kurslar müəyyən olunduqdan sonra məktəb müdiriyyəti istənilən vaxt məsləhətləşmələr üçün Təhsilin Keyfiyyətinin İnkişafı Mərkəzinə müraciət edə bilər və müvafiq məlumat ala bilər. “Əgər yerlərdə praktiki dərslərin keçirilə biləcəyi işəgötürən varsa, vacib deyil ki, məktəb bahalı maddi-texniki baza yaratsın. Bunun üçün işəgötürənlə razılaşma və müqavilə bağlanması lazımdır ki, proqramın müəyyən bir hissəsi məhz həmin işəgötürən bazasında həyata keçirilsin və məktəbdə deyil.”
Bütün bu məsəlləri avtorizasiya ekspertləri öyrənəcəklər, məktəbin işəgötürənlə bağladığı müqavilənin şərtləri ilə tanış olacaqlar və bunun əsasında avtorizasiya verəcəklər.
Qısamüddətli kurslara gəlincə isə, nazirlikdən bildirdilər ki, bunun üçün məktəbin avtorizasiyaya ehtiyacı olmayacaq, bu məktəblərə yerlərdə maddi-texniki baza yaratmaq üçün dəstək lazımdır.
2017-ci ildə Təhsil Nazirliyi maraqlanan məktəblilər üçün müsabiqə elan etməyi və hətta onlar üçün kiçik təhsil bazası yaratmağı planlaşdırır ki, şagirdlərin müxtəlif kurslar keçmək üçün imkanları olsun. Nazirlikdən bildirdiklərinə görə, məktəblər nazirliyə müxtəlif təşəbbüslərlə müraciət edib müvafiq dəstək ala bilərlər.

KAÇRETİ İCİMAİ KOLLECİNDƏ NECƏ QEYDİYYATDAN KEÇMƏK OLAR

Kaçreti “AİSİ” ictimai mərkəzinin peşə istiqaməti və karyera planlaması meneceri Tamar Lazaşvilinin dediyinə görə, onların təhsil müəssisəsinə ildə iki dəfə qəbul olur. Bunlar təxminən fevralın sonları və ya martda elan olunan yaz qeydiyyatı (Yaz qeydiyyatının tarixi yanvarın sonlarından məlum olur ki, Bunu da Təhsil və Elm Nazirliyi mərkəzləşdirilmiş şəkildə elan edir) və sentyabrda elan olunan payız qeydiyyatdır.
Milli azlıqlar üçün modul proqramı çərçivəsində artıq imkan var ki, onlar öz dillərində Azərbaycan, erməni və rus dillərində (bu üçünə imkanımız var) vahid milli peşə testlərini versinlər əvvəl seçdikləri peşəyə uyğun olub olmadıqlarını müəyyən etsinlər. Bundan başqa, bu testlər dövlət qrantı almağa əsas verir.
Maraqlanan şəxs dövlət qrantı alması üçün 25,01 faizlik həddi keçməlidir. Əgər arzu edən şəxs bu həddi keçə bilməsə, dövlət qrantı ala bilməyəcək və əgər istəyərsə özü təhsil haqqını ödəyə bilər. Təhsil haqqı proqramın müddətindən və həmin proqramın öyrənilməsi üçün lazım olan materiallardan asılıdır. Minimal ödəniş 400 laridir.
Kollecdə ən az 9-cu sinfi bitirmiş istənilən şəxs təhsil ala bilər, yuxarı hədd isə yoxdur.
Həddi-büluğa çatmamış şəxslərə gəlincə, valideynlərdən biri və ya qanuni nümayəndəsi yanında olmalıdır. Şəxsiyyət vəsiqəsi, təhsil haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surəti və 2 fotoşəkil təqdim etməlidir. Həmçinin ərizə təqdim etmək lazımdır ki, bunu da yerindəcə doldururlar.
Həm kollecdə, həm də Təhsil Resurs Mərkəzində qeydiyyatdan keçmək mümkündür.

NataliyaBarbakadze

Leave a Reply